QAYNAR XƏTT 1654

MKA sədri IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən panel sessiyasında çıxış edib

17 Jul 2026

Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri Fərid Zeynalov IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal platformalar və informasiya təhlükəsizliyi: mövcud çağırışlar və əsas həll yolları” mövzusunda panel sessiyasında çıxış edib.

Çıxışı zamanı Fərid Zeynalov rəqəmsal platformaların müasir informasiya məkanında mühüm rol oynadığını, informasiya təhlükəsizliyinin isə artıq yalnız texniki deyil, həm də milli təhlükəsizlik və ictimai etimad məsələsi olduğunu vurğulayıb. O bildirib ki, dezinformasiya, süni intellekt vasitəsilə yaradılan saxta məzmunlar (deepfake), kiberfırıldaqçılıq və fərdi məlumatların qanunsuz istifadəsi rəqəmsal mühitdə əsas çağırışlardandır. Xüsusilə uşaq və yeniyetmələrin kiberzorakılıq, onlayn manipulyasiya və zərərli məzmun kimi risklərə daha həssas olduqları qeyd edilib.

Agentlik sədri rəqəmsal təhlükəsizliyin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üzərində işlər aparılır. 

Qeyd olunub ki, qanunvericiliyə təklif edilən dəyişikliklər çərçivəsində bir sıra yeni mexanizmlər nəzərdə tutulur, 16 yaşına çatmamış uşaqların rəqəmsal platformalarda hesab yaratması qadağan edilir, 16–18 yaş aralığında olan yeniyetmələrin isə rəqəmsal platformalarda qeydiyyatdan keçməsi üçün valideynlərinin razılığı tələb olunur.

Çıxışın sonunda beynəlxalq rəqəmsal platformalarla açıq dialoq, qarşılıqlı etimad və əməkdaşlığın inkişafını dəstəkləndiyi vurğulanıb, həmçinin bildirilib ki, rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması dövlət qurumları, texnologiya şirkətləri, vətəndaş cəmiyyəti və istifadəçilərin birgə məsuliyyəti əsasında mümkündür.