QAYNAR XƏTT 1654

MKA ilə Çinin Milli CERT-i arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

07 Aug 2026

 


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) ilə Çinin Milli Kompüter Şəbəkəsi Fövqəladə Hallara Cavab üzrə Texniki Qrupu və Koordinasiya Mərkəzi (CNCERT/CC) arasında 7 avqust 2026-cı il tarixində onlayn görüş keçirilib. 

Görüşdə kibertəhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və yeni əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. 

Müzakirələrin əsas mövzularından biri potensial və aktual kibertəhdidlər barədə operativ məlumat mübadiləsinin təşkili, eləcə də tərəflər arasında effektiv kommunikasiya mexanizminin formalaşdırılması olub. Bu çərçivədə kibertəhlükəsizlik insidentlərinə çevik reaksiya verilməsi, qarşılıqlı məlumatlandırmanın gücləndirilməsi və mümkün təhdidlərin qarşısının alınması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. 

Görüşdə kibertəhdidlərin qlobal xarakter daşıdığı vurğulanaraq, onlarla effektiv mübarizədə beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Tərəflər bu sahədə qarşılıqlı əlaqələrin davamlı inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.