
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin iştirakı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər və gənclər üçün “Kiberdünyanın sirli qapıları” mövzusunda onlayn maarifləndirmə təlimi təşkil olunub.
Təlim zamanı Milli Kibertəhlükəsizlik Agentliyinin əməkdaşı tərəfindən “Kiberdələduzluq və fişinq cəhdlərinin müəyyən edilməsi”, “Kiberbullinqdən qorunma”, “Onlayn mühitdə mövcud risklər”, “Şifrlərin etibarlı şəkildə qorunması” və “Sosial şəbəkələrdən təhlükəsiz istifadə” ilə bağlı təqdimatlar keçirilib.
İştirakçıların diqqətinə rəqəmsal mühitdə qarşılaşa biləcəkləri əsas təhlükələr çatdırılıb, bu risklərin minimuma endirilməsi yolları izah olunub və təhlükəsiz internet istifadəsi ilə bağlı praktiki tövsiyələr təqdim edilib.
Maarifləndirmə təliminin keçirilməsində əsas məqsəd iştirakçıların kibertəhlükəsizlik üzrə məlumatlılığının artırılması, onlarda kibergigiyena vərdişlərinin formalaşdırılması və rəqəmsal mühitdə təhlükəsiz davranış prinsiplərinə dair biliklərin möhkəmləndirilməsi olub.
