“İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumun panel sessiyasında kibertəhlükəsizlik üzrə maarifləndirmə məsələlərinə toxunulub.
Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunan sessiyada Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndəsi, Maarifləndirmə və Tədqiqat sektorunun müdiri Esmira Qasımova çıxış edib.
Qeyd olunub ki, kibertəhlükəsizlik sahəsində əsas çağırışlardan biri vətəndaşların məlumatlılıq səviyyəsidir. Xüsusilə fişinq və sosial mühəndislik hücumları ciddi risk yaradır, saxta mesajlar vasitəsilə istifadəçilər fərdi məlumatlarını paylaşmağa sövq edilir.
Bildirilib ki, texnologiya deyil, onun yanlış istifadəsi risk yaradır və bu baxımdan maarifləndirmə əsas qoruyucu mexanizm hesab olunur. ETX tərəfindən Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 481-dən çox tədbir keçirilib, 42 minə yaxın iştirakçı cəlb olunub.
Eyni zamanda dövlət və özəl sektor üçün təlimlər və simulyasiya məşğələləri təşkil edilir, “SİMA” və “MyGov” platformaları vasitəsilə geniş auditoriyaya məlumatlar çatdırılır.
Sonda medianın kibertəhlükəsizlik sahəsində rolu vurğulanaraq bildirilib ki, operativ və düzgün məlumatlandırma vətəndaşların təhlükəsizliyinin təminində mühüm əhəmiyyət daşıyır.



