QAYNAR XƏTT 1654

AQEM-ə üzv dövlətlərin nümayəndələrinə kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

27 Oct 2025

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Elektron Təhlükəsizlik Xidmətinin (ETX) təşkilatçılığı ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzv dövlətlərin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib.

Vebinarda yerli və beynəlxalq ekspertlərlə yanaşı, ETX mütəxəssisləri də çıxış edərək kibertəhlükəsizlik istiqamətində aktual çağırışlar və qabaqcıl həllər barədə fikirlərini bölüşüblər.

Təlim zamanı iştirakçılara müasir kibertəhlükələr, insidentlərin idarə edilməsi, kritik infrastrukturun qorunması və məlumat təhlükəsizliyi kimi mövzularda təqdimatlar nümayiş edilib.

Qeyd edək ki, təlimin əsas məqsədi AQEM-ə üzv dövlətlər arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin iştirakçı ölkələrin milli kibermüdafiə potensialının artırılmasından ibarətdir.