QAYNAR XƏTT 1654

ETX rəisi “CIDC 2025” tədbiri çərçivəsində panel müzakirəsində iştirak edib

10 Oct 2025

Bakı Konqres Mərkəzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən “Kritik İnfrastrukturun Müdafiə Yarışı – CIDC 2025” kibertəhlükəsizlik festivalı çərçivəsində “Ağıllı şəhərlər – kibercinayətkarlar üçün yeni oyun meydançası” mövzusunda panel müzakirəsi baş tutub. Paneldə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Fərid Zeynalov çıxış edərək “ağıllı” şəhərlərdə toplanan fərdi məlumatların yaratdığı risklərə, süni intellektin təhlükəsizlik mühitinə təsirlərinə və gələcək kibermüdafiə prioritetlərinə toxunub.

Fərid Zeynalov bildirib ki, “ağıllı” şəhərlər idarəetmədə səmərəliliyi artırsa da, toplanan fərdi məlumatların həcmi və həssaslığı onların sızması və sui-istifadəsi ilə bağlı ciddi narahatlıqlar yaradır. Onun sözlərinə görə, məlumat sızması müxtəlif kiberrisklərdən qaynaqlana bilər: “İlk növbədə, ağıllı şəhər infrastrukturu özü risk mənbəyidir: sensorlar, nəqliyyat sistemləri, videomüşahidə kameraları və ağıllı sayğaclar bir-biri ilə inteqrasiya olunub. Texniki boşluqlar, zəif qorunan Əşyaların İnterneti (IoT) cihazları və təchizat zənciri riskləri də ciddi təhlükə doğurur. Məsələn, üçüncü tərəf proqram təminatında yaranan boşluq və ya insident bütün infrastrukturda geniş miqyasda fərdi məlumat sızmasına yol aça bilər. İnsan faktoru isə bu riskləri daha da gücləndirir. Sosial mühəndislik, fişinq hücumları və məlumatlılığın azlığı kiberhücumların asanlıqla reallaşmasına imkan yaradır”.

ETX rəisi qeyd edib ki, “ağıllı” şəhərlərin dayanıqlı inkişafı üçün əsas məsələ innovasiya ilə təhlükəsizlik arasında balansın qorunmasıdır: “Texnoloji yeniliklər tətbiq olunarkən vətəndaşların hüquq və azadlıqları təmin edilməlidir. Bunun üçün kibertəhlükəsizlik tədbirləri gücləndirilməli, məlumatların şifrlənməsi, anonimləşdirilməsi və minimallaşdırılması kimi proaktiv addımlar atılmalıdır. Eyni zamanda, hüquqi çərçivə də texnoloji inkişafın sürətinə uyğun daim yenilənməlidir. Bu məqsədlə biz rəqəmsal mühitin yeni reallıqlarını və risklərini nəzərə alaraq  “Fərdi məlumatların mühafizəsi haqqında” yeni qanun layihəsini hazırlamışıq. Layihə fərdi məlumatların təhlükəsizliyinin gücləndirilməsini, hesabatlılığın artırılmasını, vətəndaş etimadının möhkəmləndirilməsini təmin edir”.

Panelin “Süni intellekt – müttəfiq, yoxsa təhdid?” hissəsində Fərid Zeynalov Elektron Təhlükəsizlik Xidmətinin “deepfake”, saxta hesablar və dezinformasiya ilə mübarizə mexanizmlərindən danışıb. O qeyd edib ki, hazırda ETX-də süni intellektlə yaradılmış saxta məlumatlar, saxta hesablar və “deepfake” videoların yayılmasına qarşı mübarizə monitorinq, məzmunun analizi və təsdiqlənmiş mənbələrlə məlumatların müqayisəsi əsasında həyata keçirilir. Bu istiqamətdə sosial media platformaları, beynəlxalq tərəfdaş qurumlar və yerli orqanlarla əməkdaşlıq istiqamətində praktiki işlər görülür. Fərid Zeynalov çıxışında onu da vurğulayıb ki, süni intellekt texnologiyalarının inkişafı ilə yaranan risklər dezinformasiya, ictimai etimadın sarsıdılması, şəxsiyyət oğurluğu və sosial mühəndislik hücumlarının artması kimi qiymətləndirilir. Bu səbəbdən xidmət tərəfindən məlumatların etibarlılığının yoxlanılması, ictimai xəbərdarlıqların verilməsi və media savadlılığının artırılması istiqamətində tədbirlər həyata keçirilir.

Təhlükəsiz “ağıllı” şəhərlərlə bağlı prioritetlərdən danışan Fərid Zeynalov texnologiya ilə insan amilinin paralel gücləndirilməsinin vacibliyini qeyd edib: “Ağıllı şəhərlərdə təhlükəsizliyin ən prioritet elementi kibertəhlükəsizlik infrastrukturunun dayanıqlılığı olmalıdır. Çünki ağıllı şəhərlər IoT cihazları, sensorlar, bulud sistemləri və real vaxt rejimində işləyən mürəkkəb şəbəkələrə əsaslanır. Bu sistemlərin zəifliyi kiberhücumlar, məlumat sızmaları və ya xidmətin dayandırılması (DDoS) kimi təhdidlərə yol aça bilər ki, bu da şəhər xidmətlərini iflic edə bilər”.

Süni intellektə güvən səviyyəsinə də toxunan Fərid Zeynalov “idarə olunan güvən” prinsipini əsas götürməyi tövsiyə edib. O bildirib ki, AI-yə həddindən artıq güvənmək yüksək təhlükə yaradır, çünki o, nəzarətsiz qaldıqda sistematik səhvlərə, manipulyasiyalara və hətta katastrofik nəticələrə səbəb ola bilər. “Ağıllı” şəhərlərdə bu risklər xüsusilə aktualdır, çünki AI şəbəkələrə bağlıdır və bir zəiflik milyonlarla insana təsir edə bilər.

Qeyd edək ki, “CIDC 2025” tədbiri sabah başa çatacaq və “ağıllı” infrastrukturun müdafiəsi, rəqəmsal suverenlik və kibermüdafiə üzrə digər müzakirələrlə davam edəcək.